Layihə insan sağlamlığının qorunması naminə ətraf mühitin əlverişsiz təsirləri və eləcə də mühafizəsində sosial-iqtisadi amillərin  rolunun öyrənilməsindən bəhs edir.


Sosial İqtisadi Araşdırmalar İctimai Birliyin sədri Fərqanə Əliyeva  bildirib ki,müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir. Sivilizasiyanın indiki səviyyəsi əhalinin ekoloji tərbiyəsini formalaşdırmağı tələb edir. Ekoloji təşkilatlar həyəcan təbili çalsa da, insan əməyinin istismar səviyyəsi artmaqda davam edir. Sanki ekoloji şüur durğunluq içində süst düşüb. Elmin-texnikanın sürətli inkişafı insanlarda təbiətə də münasibəti dəyişməyi tələb edir, məhz buna görə gənc nəslin dünyagörüşünü formalaşdırmaq, onlarda təbiətə, təbii sərvətlərə məhəbbət hissi yaratmaq, təbiəti qorumaq, istehlakçılıqda minimalizmə keçmək cəmiyyətin aparıcı qüvvələrinin əsas vəzifəsinə çevrilməlidir. Şagirdlərin, tələbələrin, gənc mütəxəssislərin təbiətə münasibətini formalaşdırmaq, ekoloji təhsilini artırmaq təhsil müəssisələri qarşısında aktuallığı ilə seçilir. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli fərmanına əsasən Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilmiş “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqda” qanunun tətbiq edilməsi istiqamətində Təhsil Nazirliyinin çoxsaylı tədbirləri keçirilsə də bu sahədə hələ də maariflənməyə ciddi ehtiyac var. Bundan başqa, respublikamızda sürətli, dinamik inkişaf əməyə, təbiətə münasibəti dəyişdirmiş, davamlı inkişafın təməlini qoymuş, “Ekoloji cəhətdən dayanıqlı sosial iqtisadi inkişafa dair Milli proqram” işlənib hazırlanmışdır.Dövlətimizin qəbul etdiyi bu proqram ölkədə indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək, mövcud ekosistemlərin iqtisadi potensialın qorunması və təbii resurslardan səmərəli istifadə etmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Dövlətin bu vacib proqramı elm və tədris müəssisələri, istehsal, qeyri-istehsal sahələri, eləcə də qeyri-hökümət təşkilatları  qarşısında müəyyən tədbirlərin hazırlanıb həyata keçirilməsini tələb edir. Yeni iqtisadi münasibətlər şəraitində əhalinin və sənayenin tələbatının ödənilməsində, təbii ehtiyatlardan səmərəli istifadə olunması və ətraf mühitin mühafizəsi qlobal xarakter daşıyır. Dayanıqlı sosial-iqtisadi inkişaf cəmiyyətin tələbatına cavab verməklə, ətraf mühitin təbii ehtiyat potensialının keyfiyyətinin saxlanılması, məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gələcək nəsillərin istifadəsinə verilməsi ətraf mühit və təbii ehtiyatlardan düzgün istifadədən asılıdır. Ona görə də, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi, bu əlaqələrin təsirinin optimallaşdırılması və onların həlli yollarının axtarılması vacib şərtlərdəndir. Bu ətraf mühitdən və təbii ehtiyatlardan səmərəli istifadə olunmasında və mühafizəsində iqtisadi aspektlərin araşdırılması, ümumi qanunauyğunluqların öyrənilməsi qlobal mahiyyət daşıyır.Birliyin sədri son olaraq qeyd edib ki, Bu istiqamətdə layihələr davamlı olacaqdır.