SİA İB-nin sədri Fərqanə Əliyeva  bildirib ki,Layihə istehlakçıların hüquqlarını bilməsilə onların sağlamlığının və eləcə də qida təhlükəsizliyinin qorunmasında genetik modifikasiya olunmuş məhsulların yeri və rolunun öyrənilməsi və gəncləri maarifləndirməkdən  bəhs edir.


Azərbaycan 2000-ci ildə “Bioloji müxtəlifliyə dair” BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartagen protokolu”na qoşulmuşdur. Sonuncu sənədin tələblərinə görə Azərbaycan GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəli toxumların, malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəlikləri öz üzərinə götürüb. 

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığın artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Agentlik yaradıldıqdan sonra qida təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. 

Lakin hələ də  müxtəlif təbəqələr arasında maarifləndirmə işi geniş aparılmır və istehlakçı bilmir ki, onun qidalandığı məhsulun keyfiyyəti necədir, meyvə və tərəvəzlərin geninin dəyişdirilməsi nə deməkdir və hüquqla necə tənzimlənir. 

Dünya əhalisinin və şəhərləşmənin sürətli şəkildə artması genetik modifikasiya olunmuş orqanizmlərin gündəlik həyatımıza inteqrasiyasını asanlaşdırmışdır. Günümüzdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin və pestisid istifadəsinin azaldılması, qida tərkibinin zənginləşdirilməsi və keyfiyyətinin artırılması, xəstəliklərə və ətraf mühitin təsirlərinə qarşı müqavimətin qazanılması məqsədi ilə yeni genetik tərkibli bitkilər yaradılmışdır. Herbisidlərə qarşı dayanıqlı soya, böcəklərə qarşı dayanıqlı qarğıdalı, yağ turşusu tərkibi dəyişdirilmiş kanola, viruslara qarşı müqavimət qazandırılmış gavalı, vitamin tərkibi zənginləşdirilmiş düyü genetik modifikasiya olunmuş bitkilərə misal olaraq göstərilə bilər.

GMO-larda olan pestisid, herbisid və ya antibiotik müqavimət genlərinin təbii orqanizmlərə keçmə ehtimalı nəinki insanlar üçün, eyni zamanda bütün ekosistem üçün təhlükə yarada bilər. Bununla belə, hal-hazırda ən böyük təhlükə genetik modifikasiya olunmuş orqanizmlər ilə öz növlərinə aid, təbiətdə mövcud olan orqanizmlər arasında gen transferinin baş verməsidir. Başqa sözlə ifadə etsək, gen mühəndisliyi metodları ilə bir orqanizmə köçürülmüş yad genlər hər hansı genetik modifikasiya olunmamış təbii orqanizmlərin genomuna daxil olaraq gələcəkdə ekosistemə bərpası mümkün olmayacaq zərbələr vura bilər. 

Bu zərbələrin qarşısıının alınmasında maarifləndirmə işi əsasdır.